إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Gürcüstanda 46 nəfər din xadimi axund və imam xətib olaraq məscidlərdə rəsmi fəaliyyət göstərmək üçün təyin olunub(foto)

Azərbaycanlı müsəlmanların kompakt yaşadığı Marneuli rayonunda yeni inşa edilmiş və hazırda təmir halında olan “İmam Hüseyn (ə)” adına məsciddə ümumilikdə sayı 46 nəfərdən ibarət din xadimi axund və imam xətib olaraq kəndlərdə rəsmən fəaliyyət göstərmək üçün təyin olunublar.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, təyinat mərasimində din xadimləri və dindarlarla yanaşı rayon rəhbərlikləri, ağsaqqallar və ziyalılar da iştirak edib.

Məclisi Quranın tilavətindən sonra rayonun baş axundu Hacı Əziz Nəbiyev açaraq, mərasimlə bağlı məlumat verdikdən sonra çıxış üçün sözü din rəhbərlərinə verib.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin və müfti Hacı Yasin çıxışlarında ölkədə dini vəziyyət, gələcək proqram, görülən işlər və yeniliklər barəsində məclis iştirakçılarını məlumatlandırdıqdan sonra ruhanilərə əmr və məsuliyyətlərini bildirən vərəqələr təqdim etdilər. Onlara gələcək dini, mənəvi fəaliyyətlərində uğurlar arzuladılar.

Fəaliyyətləri boyunca dini vəhdəti hifz edərək sağlam – xurafatdan, ifratçılıqdan uzaq İslamın təlim və təbliği, xalqa xidmət və dinin keşiyində durmaqla dövlətdə dinlərarası sülh və səmimiyyətin inkişafı sahəsində tövsiyələr verdilər.

Marneuli rayon İcra hakimi Merab Topçişvili, rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev və nazir müşaviri Zaur Darğallı tədbirlə bağlı fikirlərini bildirərək ölkədə vətəndaşların dini inanclarını azad şəkildə yaşamasından və dövlətin bu sahəyə göstərdiyi dəstəkdən söz açmışlar.

Dövlət rəsmiləri yeni təyin olunan din xadimlərini təbrik edib onlara hər zaman dəstək olacaqlarını bildirdilər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Dekabr, 2014  13:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!