إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Təvəkkülün insan həyatındakı əhəmiyyəti

Təvəkkülün insan həyatındakı əhəmiyyətli rolunu, təvəkkül haqqında yanlış fikirlərin ortaya çıxdığını nəzərə alaraq, bu barədə söz açmağı lazım bilirik.

Təvəkkül "vəkalət” sözündən götürülmüşdür.Təvəkkül, insanın Allahı özünə güvəncli bir arxa qərar verməsinə deyilir. İnsan Allahı vəkil tutaraq bütün işlərini Ona tapşırır. Rəvayətlərin birində göstərilir ki, Peyğəmbər (s) Cəbrayıldan (ə) Allaha təvəkkül barəsində soruşdu. Cəbrayıl (ə) cavabında dedi: "Təvəkkül, insanın yaradılmışın ona bir ziyan və xeyir yetirməməsinə, bir şey bağışlayıb, ondan bir şey almamasına olan elmidir. Həmçinin, təvəkkül insanın xəlqdən (yaradılmışdan) məyus olub əlini üzməsidir. Elə ki, bəndə bunu dərk etdi, Allahdan qeyrisi üçün iş görməz, Ondan qeyrisinə bel bağlamaz, ondan özgəsinə əl açmaz. Bu Allaha təvəkkülün mənasıdır.”("Bihar”, c. 17, s. 138.)

Qurani-kərim buyurur:

Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər, (Ənfal- 2)

Allah! Ondan başqa heç bir məbud yoxdur. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər. (Təğabun-13)

Quran ayələri Allah təvəkkülü möminlərin xüsusiyyəti və imanın ayrılmaz bir hissəsi kimi təqdim edir.

İnsan həyatında müsbət nəticələr əldə etsin deyə Allah bəndəsi olaraq bütün işlərində Allaha arxalanıb, öz işinə Onu vəkil tutmalıdır. Bununla o, onu sıxan, darıxdıran əksər iztirablardan yaxa qurtarmış olar.

Həzrət Əli (ə) dualarının birində deyir: "İlahi! Sən dostlarına başqalarından daha yaxınsan. Sənə təvəkkül edənlərin işlərini yoluna qoymaq üçün onların özündən daha çox hüzura maliksən. Onların sirlərindən xəbərdarsan, fikirlərindən keçənlərə agahsan, baxışlarının hüdudlarını bilirsən.”

Duanın davamında buyurur: "Dostlarının qəlblərində gəzdirdikləri sirləri sənin yanında aşkardır, Səni görmək həsrəti ilə qəlbləri qandır. Əgər tənhalıq onları sıxsa, dəhşətə gəlsələr, Səni yad etməklə təskinlik tapar, müsibətlərə tuş gəlsələr sənə pənah gətirər, dərgahına üz tutarlar. Onlar bilirlər ki, bütün işlərin ixtiyarı Sənin əlindədir.”("Nəhcül-bəlağə”, xütbə-218, s. 719.)

İmam Baqir (ə) Allaha təvəkkül etməyin faydası haqqında buyurur: "Allaha təvəkkül edən kəs məğlub olmaz, Ona pənah aparan şəxs yenilməz.”("Müstədrəkül-vəsail”, c. 11, səh. 217.)

Təvəkkül qəlbi işlərdən hesab olunur. Buna görə də təvəkkülü işdən-gücdən əl çəkib tənhalığa qapılmaq, səhərdən axşama kimi ibadət edəcəyim təqdirdə Allah da mənim ruzimi yetirəcək deyib işdən boyun qaçırmaq kimi başa düşülməməlidir. Bu yolu tutub gedənlər səhv istiqamətdə hərəkət edirlər. Rəvayətlərin birində deyilir: "Peyğəmbər (s) bir dəstə camaatı bekar oturan gördü. Onlara dedi: "Siz kimsiniz?” Dedilər: "Biz təvəkkül edənlərik.” Həzrət (s) cavablarında buyurdu: "Yox, elə deyil. Siz başqalarına artıq yüklərsiniz.”("Müstədrəkül-vəsail”, c. 11, s. 217.)

Həqiqətdə bu söz onların tənbəlliklərini pərdələyən zahiri bir örtükdür. Əslində onların Allaha təvəkkülü yoxdur, yalan deyirlər.

Təvəkkül qəlbi bir ibadət olmaqla yanaşı  Allaha arxalanmaq mənasınadır. Yəni insan qəlbində Allaha arxalanıb. Bu baxımdan, ola bilsin insan təvəkkülün ən ali dərəcəsinə çatsın və Allahın buyruğuna əsaslanaraq maddi nemətlərdən də istifadə etsin. Mümkündür ki, belə bir kəs hamıdın çox işləsin, işə hər kəsdən daha ciddi yanaşsın, amma bununla belə öz işindən daha çox Allaha etimad etsin. Allahın tənbəl, bekar insandan xoşu gəlmir. Allah insana vəzifəsi olaraq zəhmət çəkməyi, işlə məşğul olmağı buyurmuşdur.

İnsan tənhalığa çəkilib, ancaq ibadətlə məşğul olsa və gündəlik həyatında bir işdən yapışmasa, ilahi hikmətin əksinə əməl etmişdir. Belə olan surətdə, onun Allahdan ruzi gözləməsi əbəsdir.

Başqa bir tərəfdən iş görmək, başqaları ilə ünsiyyətdə olmaq insanın imtahana çəkilməsinə şərait yaradır. Çünki insan imtahan olunmasa təkamülə üz tutmaz. İnsan cəmiyyətə qatılıb müxtəlif şəraitlərə düşməklə bərkdən-boşdan çıxır, insanlarla ünsiyyətdə qarşılıqlı hüquqlara riayət etməklə öz təkamülünə zəmin yaradır.

Bir rəvayətdə deyilir ki, zahidlərdən biri şəhərdən çıxıb dağların qoynunda özünə məskən salır və deyir: "Mən heç kimə ağız açmayacağam, Allah mənim ruzimi yetirməyincə kimsənin qapısını döyməyəcəyəm!” Bu minvalla yeddi gün gəlib keçir, amma zahidə yemək-içmək gəlib çıxmır. Ölümcül hala düşmüş zahid inildəyib ərz edir: "Pərvərdigara! Ya mənim ruzimi yetir, ya da tez canımı al ki, bundan artıq əziyyətə düşməyim!” Allahdan xitab olur: "İzzət və cəlalıma and olsun, camaata qaynayıb-qarışmayana qədər sənə ruzi verən deyiləm.” Zahid dağdan enib şəhərə daxil olur. Camaatın arasına daxil olanda, onun zəifləmiş vücudunu görənlər ona su, yemək verirlər. Bu zaman Allah-təala zahidə xitab edir: "Ey Zahid, sən öz əməlinlə Mənim hikmətimi batil etmək istəyirdin. Məgər bilmirsən ki, bəndəmin ruzisini ona bəndələrimin əli ilə yetirmək Mənim üçün səbəblərsiz (silsilə səbəblər bağlantısı olmadan) yetirməkdən daha əzizdir!”(Molla Mehdi Nəraqi. "Camiüs-sadat”, c. 3, s. 228-229.)

Ruzi təkcə maddiyyata aid olmur. Mənəvi qazanclar, o cümlədən elm də ruzidir. Bu baxımdan ola bilsin kimsə tənbəllik üzündən elm öyrənməyin arxasınca getməsin. Bəzən də deyirlər, mən Allaha təvəkkül edəcəm, O Özü elmi mənə mərhəmət edəcək. Bu fikirlərinə qüvvət olaraq məsumlardan deyilmiş bu rəvayəti də bəhanə gətirirlər: "Elm, oxuyub-öyrənməklə hasil olmur. Elm elə bir nurdur ki, Allah onu istədiyi kimsənin qəlbinə yerləşdirir.”("Bihar”, c. 1, s. 225.)

Bəli, elm Allahdan gəlir və Onu istədiyi kəsə verir, amma bizim öhdəmizə düşən vəzifə dərs oxumağımızdır. Bacardığımız qədər çalışmaq, ciddi şəkildə işdən yapışmaq bizim borcumuzdur.

İnsanın əldə etmək istədiyi bütün nemətlər Allahın ixtiyarındadır. Səbəblər toplusunün özü əsas təyinedici amil deyil, onlar nemətlərin əldə edilməsi üçün Allahın qərar verdiyi vasitələrdir. Allah həmin vasitələr və vəsaitlər yolu ilə ruzimizin əldə edilməsini istəyir. Əlbəttə, ola bilsin bir iş görmədən və ya vasitə və vəsait olmadığı üçün Allah Öz lütfü ilə bizə təsəvvür etmədiyimiz nemətləri versin.

Allaha təvəkkül etməyən insanın qəlbi daim iztirab içində olar. Onun nə rahatlığı olar, nə də xoş güzəranı. Çünki, ona arxa olacaq həqiqi dostdan qafil olub yalançı və süst arxalara etimad edir. Buna görə də güclü olmağınız üçün Allaha təvəkkül etməliyik.

 

Mənbə: "İbrət güzgüsü" kitabından

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Fevral, 2016  16:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!